Bədxah qonşularımız ermənilər tarixi torpaqlarımızın
işğal planlarını həyata keçirməklə yanaşı, xalqımıza qarşı hər fürsətdə
soyqırımlar törətmək mənfur siyasətlərinin əsas məqsədlərindən olmuşdur.
Ermənilərin Meşəli kəndində törətdiyi soyqırım aktı ən qanlı səhifələrdən
biridir.
Meşəli soyqırımında ailə üzvlərindən 5 üzvü
qətlə yetirilən Əliyeva Zəminə Novruz qızı o qanlı faciəni, doğmalarını
itirməsinin acısını göz yaşları ilə danışdı:
- Meşəli müsibətini heç vaxt unuda bilmərəm.
İllər ötməsinə baxmayaraq, o günlər gözümün qabağından getmir. Səhər saat 6-7 radələri olardı ki, ermənilər kəndə basqın etdilər.
Mən Qaragava gəlin köçmüşdüm. Oradan kəndimizdəki evlərin, ot tayalarının
yandırıldığını gördüm. Məni çarəsiz, nigaran vəziyyətdə acı mənzərəni seyr edirdim. Xeyli atışmadan sonra Kosalardan, Xocalıdan gələn köməklə
azğın düşmənlər kənddən çıxarıldı. Kəndi tüstü bürümüşdü. - Meşəli kəndində baş vermiş faciəni necə xatırlayırsınız? Erməni quldurları kəndə hücum edəndə bizim
ev qohum-qonşular üçün sığınacaq olub. Evimiz atəşə tutulduğundan atam heç kəsi
çölə çıxmağa qoymayıb. Bacım Rahiləni ermənilər başından güllə ilə vurublar.
Sonra atılan əl qumbarasından qaz balonu partlayıb bacımı yandırmışdı. Bizim
evdə qalan Ağdamın Xıdırlı kəndindən olan Hidayət adlı polis işçisi erməniləri
çağıraraq deyib ki, imkan verin qadınlar, uşaqlar çıxıb getsinlər, siz davanızı
bizlə edin. Bu məqamda azğınlaşmış qatillər Hidayəti ayağından vurublar. O,
güclü qanaxmadan sonra keçinmişdir. Atam qoşalülə tüfəngini kənara qoyub Hidayətin
avtomatını götürüb. Bir neçə saat döyüşdükdən sonra şəhid olub. Ermənilər Meşəli
ilə Badara arasında Urben adında erməninin öldürülməsini atamdan bilirdilər.
Ona görə düşmənlər atamdan qisas almaq niyyətində idilər. Atamın son sözləri bu
olub: “Çalışın, ermənilərə əsir düşməyin”. Evimiz yandırılanda orada
sığınanlar çölə çıxmaq məcburiyyətində qalıb. Anamı da orada güllələyiblər. Rübabə
bacım qardaşım Baratı səsləyəndə ermənilər onun sinəsindən vurublar. Bacım əli ürəyinin
üstündə anamın meyitinin yanına yıxılıb. Barat bacıma baxmağa gedərkən ermənilər
avtomatın qundağı ilə onun boynundan vurublar. Qardaşım aldığı zərbədən huşunu
itirib.Baratı əsir aparanda kənddən təxminən
3 km məsafədə - Badara istiqamətində olan gölün yanında ermənilərdən biri bıçağı
çıxarıb onun qulağını kəsmək istəyib. Sonra ermənilər öz aralarında danışıblar
ki, bunu aparıb Urbenin qəbrinin üstündə başını kəsək. Bu sözü duyan qardaşım
çarəni özünü əli-qolu bağlı vəziyyətdə gölə atıb öldürməkdə bilib. Ancaq gölə
düşən qardaşım suda boğulmayıb. Barat göldə olarkən ermənilər onu gülləbaran
ediblər. Göldən çıxıb qaçarkən yanan güllə Baratın çiynindən dəyib. Qardaşım
çiynini ağaca və qara sürtərək odu söndürüb. Qardaşım soyqırım günündən bir gün
əvvəl Rübabəyə toxutdurduğu qırmızı rəngli corabı geymişdi. Barat əli-qolu
bağlı vəziyyətdə corabı çıxardır ki, donub ayağına yapışmasın. Bacımın tikdiyi
corabları əlində sıxaraq zülmlə Qaragava gəlib çıxıb.
Kənddə şəhid olan iki polisdən
biri qardaşım Zakirdir, əsir düşən iki sakindən biri qardaşım Baratdır, yeddi şəhid
düşən qadının sırasında iki bacım və anam da var. Zəminə Əliyeva Laçın sərhəd-keçid məntəqəsində saxlayan
hərbi cinayətkar Vaqif Xaçaturyanın qanunlarımız qarşısında cavab verəcəyindən
az da olsa təskinlik tapdığını deyir: “Meşəli, Xocalı soyqırımında iştirak etmiş canini saxlayan
sərhədçilərimizin, igid oğullarımızın alnından öpür, onlara minnətdarlıq edirəm.
Bir ana kimi onları bağrıma basıram!”. “Erməni cəlladının tutulmasını eşidəndə çox
sevindim. Hələ neçə-neçə cinayətkarların da saxlanılacağına inanırıq”.
Qalib BƏYMƏMMƏDOĞLU